"AtaSığorta"nın mənfəəti yığılmış zərərini kompensasiya edə bilməyib

  • 2 Sentyabr, 2019 12:50

"AtaSığorta" ASC 30 iyun 2019-cu il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

"Finans.az" sözügedən hesabata istinadən xəbər verir ki, ötən ilin sonunda şirkətin cəmi aktivləri 27 mln. 45 min 248 manat olub. Bu isə cari ilin əvvəli ilə müqayisədə 4,8% azdır. Sığorta şirkətinin cəmi aktivlərinin tərkibində uzunmüddətli aktivlər 11 mln. 594 min 355 manat, qısamüddətli aktivlər isə 15 mln. 450 min 893 manat təşkil edib.

Cari ilin ilk yarısında "AtaSığorta"nın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 12,9% və ya 2,5 mln. manat azalaraq 16 mln. 825 min 429 manat olub.

KAPİTALI ARTIB.

Sözügedən dövrə sığorta şirkətinin cəmi kapitalı təqribən 12,2% artaraq 10 mln. 219 min 819 manata çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 14,6 mln. manatdır.

Yanvar-iyun ayları ərzində "AtaSığorta" ASC-nin cəmi gəlirləri 14 mln. 26 min 959 manat, cəmi xərcləri 12 mln. 914 min 217 manat təşkil edib. Sığorta şirkəti 2019-cu ilin ilk yarısını 1 mln. 112 min 742 manat xalis mənfəətlə ilə başa vurub.

Mənfəəti yığılmış zərərini kompensasiya etməyib.

Qeyd bedək ki, sığorta şirkətinin əldə etdiyi mənfəət onun ötən illərdən qalan zərərini kompensasiya edə bilməyib. Belə ki, 1,1 mln. manat mənfəət qazanan "AtaSığorta"nın yığılmış zərəri 5,5 mln. manatdan 4,4 mln. manata düşüb.