ASA sədri: “Sığorta bazarının potensialından tam istifadə edilmir”

  • 9 Sentyabr, 2020 15:35
ASA sədri: “Sığorta bazarının potensialından tam istifadə edilmir”

Ölkədə koronavirus pandemiyasının yayılması bir çox biznes sektorlarının, eləcə də vətəndaşların fəaliyyətini tam və ya qismən məhdudlaşdırdı, iqtisadi gəlirlərini kəskin təsirlərə məruz qoydu. Bu isə əhalinin ümumi rifahı və biznes subyektlərinin aktivliyi ilə bilavasitə bağlılığı olan sığorta sektorunda da gözləntiləri dəyişdi. Belə ki, ilin birinci rübündə sığorta bazarı üzrə ümumi nəticələr müsbət olsa da, bazar iştirakçıları və mütəxəssislər ikinci rübün yekununda azalmaların olmasını proqnoz edirdilər. Səbəb kimi isə, pandemiyanın daha çox ikinci rübdə tüğyan etməsini və bu hesabat dövrü ərzində karantin qaydalarının daha da sərtləşdirilməsi göstərilirdi.

Lakin statistik göstəricilərə nəzər saldıqda sığorta haqları və sığorta ödənişlərində ilk baxışda nisbi müsbət mənzərənin şahidi oluruq. Məsələn, 2020-ci ilin iyun ayında bazar üzrə sığorta haqları 400 min 959 manat, sığorta ödənişləri isə 184 min 843 manat olubsa, iyul ayında müvafiq olaraq 16,59% və 21,12% artaraq 467 min 483 manat və 223 min 196 manat təşkil edib. Ötən ilin iyul ayı ilə müqayisədə isə sığorta haqları 10,53%, sığorta ödənişləri isə 44,34% artıb.

“Finans.az”ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev açıqlamasında bildirib ki, 2020-ci il üçün istənilən nəticə əldə edilməsə də şirkətlərin fəaliyyəti qənaətbəxşdir:

“Cari ildə baş verən və bütün dünyanı əhatə edən COVID-19 epidemiyası bütün iqtisadi sahələr üçün verilən müsbət proqnozların kəskin şəkildə dəyişməsinə səbəb oldu. Azərbaycan sığorta bazarı da bu təsirdən kənarda qalmadı. Digər dünya ölkələrinə nəzər saldıqda görərik ki, həmin şirkətlər yüksək məbləğdə zərərlə üzləşdilər. Düzdür, COVID-19 epidemiyası bizim sığorta bazarından 2020-ci il üçün gözləntilərimizin kəskin dəyişməsinə səbəb oldu . Bu vəziyyətdə sığorta şirkətlərinin əsas məqsədi maliyyə dayanıqlığını qoruyub saxlamaq və bu müddəti minimum zərərlə başa vurmaqdan ibarət idi. Bundan əlavə sığorta şirkətləri pandemiya şəraitində iş fəaliyyətinə uyğunlaşarkən müştərilərin hüquqlarının qorunub saxlanılmasına və onlara yüksək xidmətin göstərilməsinə çalışırdılar. Azərbaycan sığorta bazarı potensialı geniş olan bir bazardır. Lakin indiki vəziyyətdə bu potensialdan tam istifadə edilmir. Dərindən araşdırsaq təməldə əsas problemlərin maarifləndirmə və məlumatlandırma səviyyəsinin aşağı olmasından asılı olduğunu görə bilərik. Bu isə insanlarda sığortaya qarşı inamsızlıq yaradır. Bu, bir istehlakçı psixologiyasıdır. Əgər müştərinin xidmət və ya məhsul haqqında tam məlumatı yoxdursa, ondan həmin məhsulu satan şirkətə qarşı inam gözləmək olmaz. İndiki vəziyyətdə bizim və sığorta şirkətlərinin əsas məqsədi insanlar arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Qeyd edim ki, 2020 ci il üçün istənilən nəticə əldə edilməsə də, bu vəziyyətdə şirkətlərin fəaliyyəti qənaətbəxşdir. Bu da pandemiya yayılan zaman operativ olaraq şirkətlərin bu vəziyyətə uyğunlaşması ilə əlaqədardır”.

A.Əliyev Mərkəzi Bank tərəfindən sığorta şirkətlərinin fəaliyyətinin davamlılığını təmin etmək üçün görülən işlər barədə danışarkən bildirdi ki:

“Pandemiyanın təsiri bir çox iqtisadi və biznes sahələrində hiss edildi. Ən kiçik biznes qurumundan ən iri dövriyyəyə malik olan quruma qədər hər bir subyekt bu təsirə məruz qaldı. Buna görə də bir çox sahələrdə yumşaltma və güzəştlər tətbiq edildi. Mərkəzi Bank tənzimləyici təyin edildikdən sonra bu sahədə bir çox dəyişikliklərin həyata keçirilməsinə başladı. Mövcud problemlər müəyyən edildi və aradan qaldırılması üçün işlərə başladılar. Belə bir şəraitdə Mərkəzi Bank müştəri məmnuniyyətini qoruyub saxlamaq və sığorta şirkətlərinin fəaliyyətinin davamlılığını təmin etmək üçün Tədbirlər planı çərçivəsində xüsusi tövsiyələr hazırladı və bunu sığorta şirkətlərinə göndərdi. Bu tövsiyələrin bir istiqaməti müştərilərə maksimum effektiv xidmətin göstərilməsi üçün onlayn platformaların fasiləsizliyinin təmin edilməsi idisə, digər tərəfdən şirkətlər üçün tənzimləyici tətillər həyata keçirildi. Bu tədbirlərə əsasən sığorta şirkətlərinə dividend ödənişləri üçün, eləcə də İcbari Sığorta Bürosuna ödənişlər üçün möhlət verildi. Sevindirici haldır ki, hazırda karantin dövründə yumşatlma tədbirləri aparılır və vəziyyət nisbətən qənaətbəxşdir. Nəzərə alsaq ki, Tədbirlər planı sentyabrın sonunadək qüvvədədir, əgər yenə də bu kimi çətin vəziyyət yaranarsa, məsələ yenidən qaldırıla bilər”.


Mənbə: report.az