ARDNF aktivlərinin məbləğini açıqlayıb

  • 27 Oktyabr, 2020 12:08
ARDNF aktivlərinin məbləğini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil etmişdir.

"Finans.az" bu barədə Fonda istinadən xəbər verir.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,8 milyon manat, tranzit gəlirləri 15,0 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358,0 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 394,0 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 8 852,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0, 4 milyon manat yönəldilmişdir. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 14,9 milyon manat təşkil etmişdir.

2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,08% azalaraq 43 288,6 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olmuşdur.


Mənbə: report.az