"Apple"ın dəyəri 1 trilyon dollardan aşağı düşdü

  • 2 Noyabr, 2018 19:04

“Apple” korporasiyasının bazar dəyəri 2019-cu maliyyə ilinin 3-cü rübü üçün gəlirə dair şirkətin açıqladığı proqnozun analitiklərin gözlədiyindən az olması fonunda 1 trilyon dollardan aşağı düşdü.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:37-yə “Apple”ın səhmləri 6,88% ucuzlaşaraq bir səhm üçün 206,8 ABŞ dolları təşkil edib. Beləliklə də, şirkətin bazar dəyəri 998,8 milyard dollara kimi geriləyib.

Qeyd edək ki, “Apple” şirkətinin 2018-ci il 29 sentyabrda başa çatan maliyyə ilindəki mənfəəti 59,5 milyard ABŞ dollarına kimi artaraq ötən ilki göstəricini 10 milyard dollar üstələyib.

Korporasiyanın hesabatına əsasən şirkətin həmin dövrdə gəliri 265,5 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 36,2 milyard dollar çoxdur.

Sonuncu 4-cü rübdə “Apple”ın mənfəəti 32% artaraq 14,1 milyard dollar, gəliri isə 20% artaraq 62,9 milyard dollar olub.

Şirkətin proqnozuna əsasən 2018-2019 maliyyə ilinin 1-ci rübündə 89-93 milyard dollar civarında gəlir gözlənilir.