Aparıcı bankların xammallardan əldə etdikləri gəlir 85 % artıb

  • 5 Mart, 2021 16:45
Aparıcı bankların xammallardan əldə etdikləri gəlir 85 % artıb

2020-ci ildə dünyanın ən böyük 12 investisiya bankının xammallardan əldə etdikləri gəlir illik müqayisədə 85 % artıb.

"Finans.az" xəbər verir ki, bu barədə “Reuters” “Coalition” konsaltinq agentliyinə istinadən məlumat verib.

12 ən böyük bankın xammallardan əldə etdiyi gəlir bir neçə illik tənəzzüldən və 2017-ci ildə on ildən çox müddətdə ən aşağı səviyyəyə çatandan sonra ardıcıl üçüncü dəfə artıb.

Konsaltinq agentliyinin məlumatına əsasən, ötən il xammallarla ticarətdən, törəmə maliyyə alətlərinin (derivativlərin) investorlara satışından və bu sektordakı digər fəaliyyətlərdə əldə olunan gəlir 7,5 milyard ABŞ dollarına qədər yüksəlib.

“Enerji sektorunda birdəfəlik böyük mənfəət və artan korporativ hedcinqin təsiriylə ötən il ərzində bahalaşmağa davam edən neft əsas artım amili olub”, - agentlikdən bildiriblər.

“Coalition” agentliyinin məlumatları aşağıdakı bankların hesabatlarına əsasən formalaşıb: “Bank of America”, “Barclays”, “BNP Paribas”, “Citigroup”, “Credit Suisse”, “Deutsche Bank”, “Goldman Sachs”, “JPMorgan”, HSBC, “Morgan Stanley”, “Societe Generale” və UBS.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 13:30-a olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 2,02 % artaraq bir barel üçün 68,09 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 1,86 % artaraq 65,02 dollar/barelə çatıb. Yanvarın 8-dən bəri ilk dəfə “Brent” qiyməti 68 dollardan, WTI-ınkı isə 65 dollardan çoxdur.


Mənbə: report.az