Almaniya Azərbaycan iqtisadiyyatına 570 mln. dollar investisiya yatırıb

  • 31 Yanvar, 2019 17:56
Almaniya Azərbaycan iqtisadiyyatına 570 mln. dollar investisiya yatırıb

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Finans.az”a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Almaniya arasında indiyədək ölkələrimiz arasında 70-dən çox sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61%-dən çox artdığını qeyd edib.

Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb.

Ş.Mustafayev İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 379 sahibkar və menecerin Almaniyada ixtisasartırma kursu keçdiyini, 2019-cu ilin martında daha 16 sahibkar və menecerin Almaniyada təcrübə keçəcəklərini bildirib. Qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq.

İqtisadiyyat naziri ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, İKT, nəqliyyat, kiçik və orta sahibkarlıq, tullantıların emalı, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq, və s. sahələrdə əməkdaşlığın inkişafı imkanlarını vurğulayıb.

Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.