“Alibaba" Avropada ilk elektron kommersiya platformasını da bu ölkədə açdı

  • 6 Dekabr, 2018 10:34
“Alibaba

Çinin internet-ticarət servisi “Alibaba Group” Belçikanın Lyej şəhərində Avropadakı ilk elektron kommersiya üzrə beynəlxalq platformasını açıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni elektron platforma müvafiq infrastrukturla birgə yaxın beş ildə Çinə 200 milyard dollarlıq Avropa məhsullarının idxalını təmin edə bilər.

“Alibaba”nın törəmə qurumu olan “Cainiao Smart Logistics Network” paralel olaraq Lyej hava limanı ilə Xüsusi Logistic Mərkəzin yaradılması üçün 220 min kvadrat metrlik sahənin lizinqi haqqında razılaşma imzalayıb. İlkin mərhələdə buraya 75 milyon avro investisiya nəzərdə tutulur.

Xatırladaq ki, ötən ayın ortalarında “Alibaba” elə bu Avropa şəhərində kontinetdəki ilk habını açdı. Lyej şəhəri Honq-Konq, Dubay, Kuala-Lumpur və Moskvadan sonra şirkətin 5-ci regional habı oldu.

“Alibaba Group” Çinin ən iri internet şirkətidir və elektron kommersiya sahəsində faliyyət göstərir. Cek Ma tərəfindən 1999-cu ildə təsis edilib. Qrupa Alibaba Pictures, Alibaba.com, AliExpress.com kimi törəmə şirkət və internet-platformalar məxsusdur.