Aİ-nin Azərbaycanda neçə şirkəti fəaliyyət göstərir?

  • 2 Oktyabr, 2018 17:59
Aİ-nin Azərbaycanda neçə şirkəti fəaliyyət göstərir?

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

İqtisadiyyat Nazirliyindən “Finans.az”a verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 10 ildə Avropa İttifaqı ölkələrinə 7 dəfə səfər edib, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri dəfələrlə ölkəmizdə səfərdə olub. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 mlrd. dollara yaxın investisiya yatırıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 tvinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 tvinninq layihəsi isə icradadır.

Görüşdə ölkəmizin Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb, Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu, Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edən Kestutis Yankauskas Azərbaycanda qeyri-neft sektorunun prioritetliyini vurğulayaraq, ölkəmizin geniş ixrac imkanlarını qeyd edib.

Görüş çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.