ADB illik toplantısı ilə bağlı qərarını yenidən dəyişdi

  • 14 İyul, 2020 16:07
ADB illik toplantısı ilə bağlı qərarını yenidən dəyişdi

Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının bu il sentyabrın 17-18-də keçirilməsi nəzərdə tutulan 53-cü illik toplantısı virtual baş tutacaq.

“Finans.az” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bu qərar koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin ləğv edilməsilə əlaqədar qəbul olunub.

Toplantı Cənubi Koreyanın İnçeon şəhərindən idarə olunacaq. Artıq hökumət buna razılıq verib. Rəsmi Seul həm də 2023-cü ilin may ayında ADB-nin 56-cı illik toplantısına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb və builki virtual görüşdə Direktorlar Şurası bu təklifi nəzərdən keçirəcək.

Xatırladaq ki, koronavirusa görə bu il mayın 2-5-də keçirilməsi olan 53-cü illik toplantının vaxtı dəyişdirilmişdi. Direktorlar Şurasının qərarına görə, tədbir iki hissədən ibarət olmalı idi. Birinci tədbir mayın 22-də ADB-nin Filippinin paytaxtı Maniladakı baş qərargahında hökumət rəsmiləri və yaxud onların təyin etdikləri nümayəndələrin iştirakı ilə baş tutub. Daha geniş tərkibli illik görüş isə sentyabrın 18-21 tarixlərində Koreyanın İnçeon şəhərində baş tutmalı idi.

Xatırladaq ki, ADB-nin 48-ci illik toplantısı 2015-ci ilin 2-5 may tarixlərində Bakıda keçirilib. Qeyd edək ki, Azərbaycan 1999-cu ildə ADB-yə üzv olub. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard ABŞ dollarına yaxın vəsait ayırıb.


Mənbə: report.az