AÇG-dən I rübdə 6 mln. ton neft hasil edilib

  • 29 aprel, 2021 13:23
AÇG-dən I rübdə 6 mln. ton neft hasil edilib

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 6 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 6,3% azdır.

"Finans.az"ın BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Hesabata görə, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təxminən 142 mln. dollar əməliyyat məsrəfləri və 463 mln. dollardan çox əsaslı məsrəflər xərclənib.

"İlin I rübü ərzində AÇG-də 3 neft hasilatı və 2 suvurma quyusu qazılıb", - hesabatda qeyd edilir.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.


Mənbə: apa.az