Abşeronda yeni mebel istehsalı müəssisəsi açıldı

  • 4 Sentyabr, 2019 16:18
Abşeronda yeni mebel istehsalı müəssisəsi açıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

"Finans.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Nazirliyin və onun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak ediblər.

3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.