72 km uzunluğa malik yol yenidən qurulur

  • 22 İyul, 2019 17:24
72 km uzunluğa malik yol yenidən qurulur

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisinə düşən 21 km-lik və Cəlilabad rayonu ərazisinə düşən 16 km-lik hissələrində yenidənqurma işləri yüksək sürətlə və keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılıb.

"Finans.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, artıq 37 km-lik bu hissə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.

60 mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

Hazırda isə Dövlət Agentliyi tərəfindən Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad rayonuərazisinə düşən 35 km-lik hissəsində təmir işləri görülür. Bu hissədə mövcud yolun asfalt örtüyü uzun müddət istismar olunduğuna görə, bir çox yerlərdə deformasiyaya uğramış, çoxlu çalalar və çatlar əmələ gəlmişdir. Aparılan təmir işləri də bu problemləri aradan qaldırmağa hesablanıb.

Qeyd olunan hissədə yol profilə salınıb, zərurət yaranan ərazilərdə yararsız qrunt qazılıb çıxarılıb, ardınca əks-dolğu işləri görülüb, bəzi hissələrdə isə dağ yamacları kəsilərək yol genişləndirilib. Genişləndirilmiş və qazılmış hissələrdə lazımi qarışıqlardan istifadə edilməklə əsas işlənilib. Ümumilikdə təmir işlərinin aparıldığı ərazi 300 min kv.m-dən çox sahəni əhatə edib.

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün mövcud borular bərpa olunub, avtoqreyderlə 33 km uzunluğunda küvetlər açılıb.

Hazırda yolda asfaltlanma işlərinə start verilib. Asfaltlanma alt və üst lay olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə aparılır və 200 min kv.m-dən çox sahəni əhatə edir. Asfaltlanma işləri yekunlaşan ərazilərdə çiyin hissələrin nəzərdə tutulmuş qalınlıqda optimal-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də görülür.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Tikinti işləri tam olaraq bitəndən sonra 38 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 280 yol nişanı və məlumatverici lövhə, 35 km göstəricisi və 1610 siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək.