23,5 km-lik yol yenidən qurulur

  • 23 İyul, 2019 17:52
23,5 km-lik  yol yenidən qurulur

Gədəbəy rayonunda 23.5 km. uzunluğa malik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur.

"Finans.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir. Bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsi tələb olunurdu. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun normativ eni almaq üçün qaya tipli süxurların mexanizmlə xırdalanması və daşınması təmin olunub, bəzi hisslərdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib.

Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılıb. Belə ki, yol boyu 11 yerdə müxtəlif diametrlərə malik 143 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılaraq izolyasiyua olunub. Bundan başqa 3 yerdə 39 paqon-metr uzunluğunda dördbucaqlı su keçidi, həmçinin monolit dəmir-beton istinad divarı inşa edilib

Bunun ardınca torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Karxana çınqılı ilə əsasın alt, optimal qum-qırmadaş qarışığı ilə isə əsasın üst layı inşa edilib.

Hazırda yolun 140 min kv.m-dən çox sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 800 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.