11 dövlət əmlakına 14 sifariş verilib - HƏRRAC

  • 16 İyul, 2019 13:16
11 dövlət əmlakına 14 sifariş verilib - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 iyul tarixində növbəti hərrac keçirilib.

"Finans.az" Komitəyə istinadən xəbər verir ki, bu dəfə 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirilib. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87.4 kv.m olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirilib.

Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak edib. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirib.

Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçib. İlkin hərrac qiyməti 3 min manat olan Nissan Maxima markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi olub.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilmiş, 270-ə yaxın dövlət əmlakı özəlləşdirilmişdi. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilib, 4 dövlət əmlakının hərracında sifarişçilər “Elektron hərrac” proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.

Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək, seçim etdikdən sonra hər kəs sifarişi elektron formada verərək hərrac iştirakçısı statusu qazana bilər.